Düktay mədəniyyəti
Düktay mədəniyyəti - Şimal-Şərqi Asiyada formalaşmış və inkişaf etmiş Yuxarı (Son) Paleolit dövrünə aid arxeoloji mədəniyyət. 1967-ci ildə Y.A.Moçanov tərəfindən aşkar edilmişdir. Ərazi Düktay çayının sağ sahilində, Aldan çayının yatağından (Yakutiya) 112 metr uzaqlıqda yerləşir. Mədəniyyət öz adını Düktay mağarasının adından almışdır.
Düktay mədəniyyəti iki təbəqəyə bölünür: erkən (35—25 min il əvvəl) — Ejansı, Ust-Mil, İxine-I,II yaşayış məntəqələri; gec (23—10,5 min il əvvəl) — Düktay mağarası, Tumulur, Dirinq-Yuryax, Xayırqas mağarası, Yeni Leten-I,II, Kiçik Cikimde, Vilyoy və İndiqirka çay hövzələri
== Ümumi məlumat ==
Mağarada 12-14 min il əvvələ aid 2 təbəqə radiokarbon analizləri vasitəsilə öyrənilmişdir. Y.A.Moçanovun fikrincə, Düktay mədəniyyətinin ən qədim abidəsi radiokarbon analizləri nəticəsində təqribən 35 min il əvvələ aid edilən Ejansı düşərgəsidir, digər tədqiqatçılar isə Düktay mədəniyyətinin yaşının 18 min ildən çox olmadığını hesab edirlər. Açıq düşərgə və mağara düşərgələri məlumdur, nizə və ya mizraq ucluqlarının, bıçaqların ikitərəfli emalı səciyyəvidir.
Fauna qalıqları mamont, şimal maralı, sığır, bizon, at, qar bəbiri, mağara şiri, canavar, tülkü, şimal tülküsü, dovşan və gəmiricilərin sümüklərindən ibarətdir. Ejansı düşərgəsindən tüklü kərgədanın sümükləri tapılmışdır. Indigirka çayı hövzəsinə aid olan Börölöx düşərgəsində “mamontlar qəbiristanı” məşhurdur.